Denudasiya
Denudasiya (lat. Denudatio - "çılpaqlaşma") — Yer səthində süxurların su, külək, buz və s. ilə dağılması, yüksək sahələrdən alçaq sahələrə aparılması proseslərinin məcmusu. Yer səthi relyefinin dəyişilməsində və yeni relyef formalarının əmələ gəlməsində denudasiyanın rolu böyükdür. O, süxurları parçalayıb dağıdaraq relyefi alçaldır, hamarlayır, dağlıq sahələri denudasion düzənliklərə (peneplenlərə) çevirir. Denudasiya prosesinə aşınma, eroziya, abraziya, korroziya, deflyasiya kimi proseslər daxildir.
== Denudasion proses ==
Denudasion proses aşınma məhsullarının daşınmasıdır. Prosesin başlıca hərəkətverici qüvvəsi ağırlıq qüvvəsidir. Bu qüvvə birbaşa və yaxud müxtəlif mütəhərrik mühitlərin vasitəsilə yaranır. Denudasion proses dar mənada müəyyən bir səthin yuyulması və qravitasion hərəkətlər vasitəsilə aşınma materiallarının daşınması kimi başa düşülür.